16 Noyabr 2019

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinə yekun vuruldu

18.02.2019

Fevralın 12-də Azərbaycan Texniki Universitetinin İdman Sarayında”Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

 

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına, onların potensialının inkişaf etdirilməsinə yönəldilib.

 

Nazir müavini bu müsabiqənin də şagirdlərin sonrakı inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Belə ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.

 

Müsabiqənin təşkilatçı qurumlarının nümayəndələri - gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliğatı departamentinin direktoru Məhəbbət Mehdiyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı ölkədə həyata keçirilən gənclər, təhsil və elm siyasətinin uğurlarından, müsabiqənin əhəmiyyətindən danışıblar.

 

Daha sonra qonaqlar stendlərə baxış keçiriblər.

 

M.Cəfərzadə bildirib ki, 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır.  Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlara layiq görülüb.

 

Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı ABŞ-da keçirilən İnteI İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

 

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

 

Mirzə müəllim sonra demişdir, bu il müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə  üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir.

 

Müsabiqə iştirakçılarının 173-ü oğlan (55,6%), 138-i (44, 4 %) isə qızdır. Layihələrdən 63-ü fərdi, 124-ü isə kollektiv əməyin məhsuludur. Müsabiqəyə vəsiqə qazanmış layihələr sırasında mühəndislik kateqoriyası üstünlük təşkil edir (38 layihə).

 

Bu günədək qaliblər sırasından seçilən 41 ən yaxşı layihənin müəllifləri 5 dəfə xüsusi mükafatları, o cümlədən, Beynəlxalq Tətbiqi Geofizika Cəmiyyətinin, YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyasının, Qətərin Tədqiqatlar və İşləmələr Fondunun, Orakl Akademiyasının mükafatlarını alıblar.

 

Açılış mərasimində millət vəkilləri, ali məktəblərin rektorları və hökumət nümayəndələri, müsabiqəyə qatılmış şagirdlər və onların valideynləri iştirak edirdilər.

 

Müsabiqəyə fevralın 14-də Nizami Kino Mərkəzində yekun vurulub. 84 şagirdin hazırladığı 54 layihə qalib seçilib. Qaliblərdən 44 nəfəri oğlan, 40-ı qızdır. I yer üzrə 8, II yer üzrə 17, III yer üzrə 25 layihə qalib elan olunub. Qalib layihələr Bakı (58 şagird, 38 layihə), Sumqayıt (15 şagird, 9 layihə) şəhərlərini, Abşeron (2 şagird, 1 layihə), Balakən (3 şagird, 2 layihə), Qax (2 şagird, 1 layihə), Şəki (2 şagird, 1 layihə), Ucar (2 şagird, 2 layihə) rayonlarını əhatə edir.

 

Mərasimdə həmçinin ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 6 layihə üzrə 8 şagirdin adı açıqlanıb.

 

Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.